ABŞ UNİVERSİTETLƏRİ

Amerikada universitet oxumağın üstünlükləri nələrdir?

Böyük imkanlar ölkəsi Amerika Birləşmiş Ştatları gənclərə 4500-dən çox universitet təklif edir. Bu universitetlərdə yüzlərlə təhsil proqramı, onlarla ixtisas ildən-ilə inkişaf edən fərqli metodlarla tələbələrə tədris olunur.  

Çoxmillətli, multikultural Amerika xarici tələbələrin dünyagörüşünüzün zənginləşməsində böyük rol oynayacaq.

Amerikada ixtisas seçimində çətinlik çəkirsinizsə, bəzi universitetlərdə 1-2 ümumi dərsdə iştirak etdikdən sonra ixtisas seçə bilərsiniz.

Amerika universitetləri çoxsaylı idman fəaliyyətləri təklif edir. Hər hansı bir növdə özünüzü kəşf edə bilərsiniz.

Məzun olduqdan sonra əldə etdiyiniz diplom sadəcə öz ölkənizdə deyil, istənilən dövlətdə sizə üstünlük qazandıracaq.

Bütün bunlarla bərabər, təhsil müddətində ingilis dilini yüksək səviyyədə öyrənmiş olacaqsınız.  

 

Amerikada bir universitetdə oxumaq üçün nə etmək lazımdır?


Amerikada mərkəzləşdirilmiş tələbə qəbulu sistemi olmadığı üçün hər universitet öz qaydalarına uyğun tələbə qəbul edir. Qəbulu çox çətin olan universitetlərlə yanaşı, aşağı bal və asan imtahanlarla da tələbəsi ola biləcəyiniz universitetlər var.

Amerikaya gedə bilmək üçün universiteti və ixtisası hələ orta məktəbdə oxuyarkən seçmək lazımdır. Yaxşı olar ki, universitetə 12-18 ay əvvəldən müraciət edəsiniz.

Amerikada dördillik universitetə qəbul olunmaq üçün verilən imtahanlar:  

Bunlar əsasən SAT (Scholastic Aptitude Test) və ya ACT (The American College Testing Assessment) imtahanlarıdır. Bu iki imtahan çoxsaylı seçim sualları ilə standartlaşdırılmış imtahanlardır və dünyanın bir çox ölkəsində keçirilir.

SAT imtahanında “Mövzu testləri” adlı fənn testləri də var. Bu fənn testləri fizika, kimya, biologiya, ədəbiyyat, riyaziyyat, dünya tarixi, xarici dillər kimi müxtəlif fənlər üzrə keçirilir. “SAT Subject Test” üçün müraciət etməyi düşündüyünüz universitetlər, hansı fənn testini istədiklərini öz saytlarında qeyd edirlər. Hər iki imtahanda esse yazma tələbi də var. Amma ACT imtahanında istənilməyə də bilər. ACT imtahanında esse istəyən universitetlər bu tələbi veb səhifələrində qeyd edirlər.

Hər iki imtahanın balları fərqlidir; lakin, balınız nə qədər yüksək olsa, qəbul olunmaq və təqaüd tapmaq şansınız bir o qədər yüksək olur. Müraciət etməyi düşündüyünüz məktəblər bəzən əvvəlki illərdə qəbul etdikləri tələbələrin orta bal məlumatlarını öz internet səhifələrində paylaşırlar. Bu məlumatlarla tanışlıq ümumi mənzərə haqqında sizdə fikir formalaşdıra bilər.

Amerikada universitetə qəbul olunmaq üçün şübhəsiz ki, ingilis dili biliklərinizi təsdiqləyən TOEFL və ya IELTS imtahanlarından birini verməlisiniz. Bu imtahanın nəticəsi xarici tələbələrdən mütləq istənilir. Bu imtahanlarda yüksək bal toplamaq qəbul olunmaq və təqaüd tapmaqda sizə çox kömək edəcək.

 

Amerikada universitet seçərkən nələrə diqqət etmək lazımdır?


- Getmək istədiyiniz universitetin akkreditasiyasını yoxlayın. Bunun üçün www.chea.org web saytına baxa bilərsiniz.

- Amerikada seçdiyiniz universitetin diplomunun Azərbaycanda tanınıb-tanınmadığını dəqiqləşdirin.  

- Seçdiyiniz universitetin yerləşdiyi şəhərin iqliminə, həyat şərtlərinə, aeroportunun olub-olmamasına diqqət edin.

- Universitetdə xaricdə tələbə faizinin nə qədər olması vacib. Bu rəqəmin 5%-dən çox olması lazımdır. Bu zaman universitetdən müsbət cavab alma ehtimalı yüksək olur.

 

Amerikada eyni vaxtda neçə universitetə müraciət etmək mümkündür? 

Bu, müraciətçinin büdcəsindən asılıdır. Amerika universitetlərinə müraciətin məbləği 40-50 dollardan 250 dollaracan dəyişdiyini nəzərə almaq şərtilə, istənilən sayda univeristetə müraciət etmək olar. Bəzi universitetlər maddi vəziyyəti yaxşı olmayan tələbələrdən müraciət üçün ödəniş qəbul etmir. Bunun üçün universitetlə əlaqə saxlamaq lazımdır. Universitetlər müraciətə müsbət cavab verməsə, ödənilən məbləğ geri qaytarılmır. Müraciətə müsbət cavab ala bilməmək ehtimalı həmişə olduğu üçün eyni vaxtda 5-6 universitetə müraciət etmək tövsiyə olunur. İlk yerdə çox arzuladığınız universitetləri, sonra qəbul almaq ehtimalı yüksək olanlar, sonra da ehtimala daha yaxın universitetləri yaza bilərsiniz.

Diqqət! Universitetlərə müraciət zamanı “Common Application” adlanan ortaq müraciət platformasından da istifadə edə bilərsiniz. Bu platformada 450-dən çox kollec və universitet toplanıb. Burada bir dəfə ödəniş etməklə bir neçə universitetə eyni anda müraciət etmək mümkündür.

Orta məktəb attestatındakı orta bal Amerikada universitetə qəbul olunmaqda nə qədər vacib rol oynayır?
Amerika universitetləri sizdən attestatın transkriptini istəyir. Hər universitetdə orta balla bağlı fərqli yanaşmalar var. Attestat balı universitetə qəbul olunmaqda birbaşa rol oynamasa da, bir gün təqaüd almaq üçün müraciət edəndə sizə üstünlük qazandıra bilər.

Qeyd edək ki, Amerikanın orta məktəblərində əsasən hərfli bal sistemindən istifadə olunur. Hər hərfin orta balı müəyyənləşdirən rəqəmli dəyəri var. Hər bir şagird məktəbi ümumi orta balla bitirir.