Bu gün keyfiyyətli və pulsuz təhsil dedikdə ilk ağla gələn Almaniyadır. Almaniya universitetləri təklif etdikləri proqramlar, tədris metodikaları, tələbələrə yaradılan şərait baxımından bir-birilə yarışır. Almaniyada istənilən pillədən təhsilə başlamaq mümkündür. Bu da hər bir xarici vətəndaş üçün karyera yolunda önəmli hadisə ola bilər.
Biz Almaniyadakı təhsillə bağlı ən çox verilən suallar əsasında sizin üçün yığcam material hazırladıq.
1. Almaniyada təhsil almaq üçün 5 əsas səbəb
Almaniyada təhsil almağın bir neçə diqqətçəkici üstünlüyü var.
a) Almaniyada təhsilə başlamaqla dünyanın ən yaxşı universitetlərindən birinin tələbəsi adı qazanırsınız. Müxtəlif beynəlxalq reytinq siyahılarında ilk 100-ə daxil olan 5 universitet məhz Almaniyadadır.
b) Dövlət universitetlərində təhsil təkcə Almaniya vətəndaşları üçün yox, həm də xarici tələbələr üçün pulsuzdur. Almaniyadakı təhsil xərci digər ölkələr, hətta Azərbaycandakı təhsil xərcləri ilə müqayisədə daha sərfəlidir.
c) Almaniya universitetlərinin diplomları Azərbaycanda tanınır. Bu diplomlarla siz, ümumiyyətlə, dünyanın istənilən ölkəsində daha rahat karyera qura bilərsiniz.
ç) Almaniya xarici tələbələrə part-taym işləmək icazəsi verir. Həftədə 20 saat işləməklə özünüz-özünüzə maliyyə yardımı edə bilərsiniz.
d) Almaniya universitetindən məzun olduqdan sonra sizə daha bir şans – 18 aylıq iş vizası! Almaniyada karyera qurmaq üçün bundan gözəl fürsət?
2. Almaniyada təhsil sistemi necə qurulub?
Bir çox ölkələrdə olduğu kimi, Almaniyada da universitetə qəbul olunmaq üçün mütləq 12 illik orta təhsili başa vurmaq lazımdır. Buna görə də 11 illik təhsil verən ölkələrin vətəndaşları Almaniyada universitetə girmək üçün burada 12-ci sinfi – universitetə hazırlıq mərhələsi sayılan ştudienkolleci (Studienkolleg) bitirməlidirlər.
Orta məktəbdən sonra universitetdə 3 illik bakalaviatura mərhələsi başlayır. Burada limitli və limitsiz ixtisaslar təklif olunur. Təbii ki, tələbənin məktəbdə əldə etdiyi yüksək orta bal onun limitli ixtisasda özünə yer tapmasına birbaşa kömək edir.
Biliklərini daha da dərinləşdirmək istəyənlər təhsillərini magistraturada davam etdirə bilərlər.
İki il oxuduqdan və “magistr işi” adlanan araşdırmanı müdafiə etdikdən sonra onlar “magistr” adı qazanırlar.
Elmi araşdırma, yəni doktorantura təhsili üçün əksər ölkələrdə olduğu kimi, Almaniyada da 3 il verilir. Bu mərhələdə yaxşı bir təqaüd də almaq mümkündür. Hər şey namizədin təhsil göstəricilərindən asılıdır.
3. Almaniyada oxumaq üçün nə etməli?
Təhsilə çox önəm verən bir ölkə olaraq Almaniya xarici tələbələrin ölkəyə gəlməsinə rahat şərait yaradır. Yəni ən azı B1 dil sertifikatı və orta məktəb attestatı xarici tələbə üçün kifayət edir. Almaniyada “Studienkolleg” oxumadan universitetə girmək istəyirsinizsə, onda Azərbaycanda heç olmasa bir il ali təhsil almış olmanız lazımdır. Müvafiq səviyyəyə uyğun alman dili sertifikatını da unutmayın.
Əgər Almaniyada almanca deyil, ingiliscə oxumaq istəsəniz, onda minimum 6 IELTS balı toplamalısınız. İngiliscə oxuduqda belə Almaniyada təhsiliniz pulsuz olacaq.
4. Almaniyada “Studienkolleg”
Almaniyada orta təhsil 12 ildir. Bu müddəti bitirmədən universitetə qəbul olunmaq mümkün deyil. Buna görə də Azərbaycan kimi 11 illik orta təhsil verən ölkələrin vətəndaşları Almaniyada 12-ci sinfi – ştudienkollec oxumalı olurlar.
Ştudienkolleclərə qəbul çətin deyil. B1-B2 dil sertifikatı və orta məktəb attestatı ilə müraciətə müsbət cavab aldıqdan sonra həmin universitetdə riyaziyyat və alman dilindən imtahan verilir. Bir il oxuduqdan sonra yekun imtahan da keçirilir. Bundan sonra universitetin birinci kursuna qəbul olunmuş sayılırsınız. Bakalaviatura təhsili üçün ştudienkollecin yerləşdiyi universiteti deyil, başqa universitet də seçmək mümkündür.
5. Almaniyada yataqxana seçimi
Almaniyada universitetə qəbul olunduqdan sonra yaşamaq üçün yer dərdi çəkməyə dəyməz. Siz özəl və ya dövlət yataqxanasında qala, yaxud kirayə ev tuta bilərsiniz. Təbii ki, şəhərə görə qiymətlər də fərqli olacaq.
Dövlət yataqxanasında yer almaq üçün vahid onlayn platformada qeydiyyatdan keçmək və növbənin sizə çatmasını gözləmək lazımdır. Qiymətlərə gəlincə, dövlət yataqxanalarında qiymətlər aylıq 180-400 avro arasında dəyişir. Özəl yataqxanalarda isə bu məbləğ aylıq 500 avrodan başlayır.
Kirayə evlərin qiyməti bir az bahadır. Amma yaxşı bir yoldaşla bunun da öhdəsindən gəlmək çətin deyil.
6. “Ausbildung” nədir?
“Ausbildung” Almaniyada iş imkanı deməkdir. Müraciətçi həm seçdiyi ixtisas üzrə işləyir, həm də bu bu ixtisasa aid nəzəri biliklərini artırmaq üçün təhsil alır. “Ausbildung”un müddəti 2-4 il olaraq müəyyənləşdirilib. Təhsil müddətində ara və yekun imtahanlar verilir. “Ausbildung”də təqaüd imkanı da var: ixtisasdan asılı olaraq 300-1200 avro arası hesablanan təqaüd “Ausbildungsvergütung” alınır.
“Ausbildung”u uğurla bitirənlər ştudienkollec oxumadan universitetə müraciət edə bilərlər. Amma “Ausbildung” diplomu da olduqca faydalı sənəd sayılır. Bu diplomla istər Almaniyada, istərsə də digər ölkələrdə iş tapmaq çətin olmur. Təki oxuyarkən düzgün ixtisas seçilmiş olsun.
7. Almaniyada xarici tələbələr ən çox hansı universitetləri seçirlər?
Xarici tələbələr adətən böyük şəhərdə məskən salmağı seçirlər. Çünki kiçik şəhərlərdə tələbə olmaq onlara çox da cəlbedici görünmür. Böyük şəhərlərin qaynar həyatı sosiallaşmağı sevən gənclər üçün münbit şərait yaradır. Sadəcə xaricilər deyil, alman vətəndaşların özləri də əsasən böyük şəhərlərdə oxumağa üstünlük verirlər.
Şəhərin nisbətən ucuz olması da xariciləri cəlb edən məsələdir. Aylıq xərclərin müəyyən bir büdcəni keçməməsi xarici tələbə üçün çox arzulanan kriteriyadır.
Unuiversitetin reytinqlərdəki yeri də az əhəmiyyətli məsələ deyil. İstər Almaniyada işləmək, istərsə də başqa bir ölkədə karyera qurmaq üçün nüfuzlu bir universitetin diplomu vacib sənəd sayılır. Seçdiyi ixtisas da tələbəyə bir yol xəritəsi cızır. Tibb fakültəsində oxumaq üçün üstünlük verilən universitetlərlə texniki universitetlərin yerləşdiyi şəhərlər fərqli ola bilər.
Bütün bu kriteriyaları eyni şəhərdə cəmləşdirmək asan məsələ deyil. Onda hər şey asılı olur tələbənin prioritetlərindən. İstənilən halda gələcəyi düzgün planlaşdırmaq lazımdır.
8. Almaniyanın ən populyar tələbə şəhərləri hansılardır?
Almaniyada təhsil almış hər bir gəncin öz top-şəhərləri və top-səbəbləri ola bilər.
Tələbələr arasında ən populyar şəhərləri saysaq, Berlindən Passauya qədər bir yol getməliyik. Şəhərləri seçmə səbəbi tələbəyə görə dəyişir. Daha qədim şəhər, daha ucuz şəhər, daha yaxşı universitet, daha multikultural mühit. Biz sizə kömək üçün bəzi rezümelər etdik.
Berlini seçmək o deməkdir ki, sizi kasıb və cazibədar, 7/24 aktiv bir şəhər həyatı gözləyir.
Velosiped həvəskarları mütləq Münsteri seçməlidir. Bütün şəhəri velosipedlə gəzmək imkanını qaçırmaq olmaz!
Almaniyanın ən qədim universitetində oxumaq istəyirsinizsə, gərək Heydelberqə gedəsiniz. Yox, Almaniyanın ən reytinqli universitetindən diplom almağa iddialısınızsa, Münhen təyyarəsinə bilet almalısınız. Münhen sizə çox səs-küylü gəlsə, daha bir reytinqli universitet üçün Ahen şəhərini seçə bilərsiniz.
9. Dünya reytinq cədvəllərində hansı Almaniya universitetləri var?
Bu gün Almaniyanın 41 universiteti dünyanın ən yaxşı universitetləri arasında yer alır. Berlin, Münhen, Münih və digər şəhərlərdə yerləşən universitetlər verdikləri təhsilin keyfiyyəti, həm də tələbələrin işləməsi, sosial həyatı üçün münasib proqramlar təklif edir.
Top-universitetlər arasında yer alan Almaniya universitetlərini qeyd etmək istərdik.
1. Texniki Universitet - Münih (TUM)
2. Ludwig-Maximilians-University Münhen (LMU)
3. Ruprecht-Karls-University Heidelberg (RKUH)
4. Karlsruhe Texnologiya İnstitutu
5. Humboldt Universiteti Berlin (HUB)
10. Almaniyada bakalaviatura təhsili
Almaniyada bakalaviatura təhsili 3 ildir, bəzi fakültələrdə bu mərhələ 4 il də ola bilər. Texniki və klassik universitetlərə bölünən Almaniya universitetlərində baza təhsil (Grundstudium) və əsas təhsil (Hauptstudium) tətbiq olunur. Baza biliklərin öyrədildiyi mərhələ 2 il davam edir və onu ara imtahan – Zwischenprüfung verməklə tamamlamaq mümkündür. Bu imtahandan sonra əsas təhsil mərhələsi başlayır. İxtisaslaşma da məhz bu mərhələdə baş verir. Üç ildən sonra imtahanları uğurla vermiş tələbələr bakalavr diplomu əldə edirlər.
Amma hüquqşünaslıq, stomatoloq, veterinar, tibb, əczaçılıq və qida mühəndisliyi kimi bəzi ixtisaslar üçün əlavə daha bir imtahan – əyalət imtahanı da (Staatsprüfung) verilməlidir. Bəzi pedaqoji ixtisaslarda da bu imtahan tələb olunur.
Almaniyanın bakalavr diplomu kifayət qədər sanballı sənəddir. Bu diplom həm ölkənin özündə, həm də xaricdə iş tapmaq üçün kifayət edir.
11. Almaniyada magistratura təhsili
Almaniya sadəcə bakalaviaturada deyil, magistraturada oxumaq üçün də çox uyğun bir ölkədir. Siz bu ölkədə həm almanca, həm də ingiliscə magistratura təhsili ala bilərsiniz. İstənilən halda təhsil pulsuz olacaq.
Almaniyada magistratura təhsili limitli (Consecutive) və limitsiz (Non-Consecutive) olaraq iki yerə ayırılır. Limitli kateqoriya daha çox bakalaviaturada öyrəndikləri biliyi dərinləşdirmək istəyənlər üçün nəzərdə tutulur. Limitsiz proqramlar isə ixtisasartırmaya önəm verir. Burada bakalavr diplomu və iş təcrübəsi əsas götürülür.
Magistraturaya müraciət üçün bakalaviatura transkriptləri və dil səviyyəsini göstərən sertifikat təqdim edilməlidir. Magistraturaya bir ildə iki dəfə müraciət etmək mümkündür. Qış semestri üçün 15 iyuna, yay semestri üçün 15 yanvara qədər vaxt verilir. Bəzi universitet və ixtisaslarda fərqli tarix ola bilər.
12. Almaniyada bir tələbənin aylıq xərci nə qədərdir?
Almaniyada oxumaq qərarı adlğınız gündən “Görəsən, Almaniyada yaşamaq bahadırmı?” sualı sizi tərk etmir. Bu ölkədə sizi gözləyən xərclərə nəzər yetirək.
Almaniyada universitetiniz pulsuz olduğuna görə siz bəri başdan qənaət etmiş sayılırsınız. Bu, əla başlanğıcdır.
Əgər yaşamaq üçün dövlət yataqxanasını seçsəniz, burada da büdcənizə əməlli-başlı fayda vermiş olacaqsınız. Universitet yeməkxanalarında sizi həm də dadlı və ucuz yeməklər gözləyir.
Özəl yataqxanana qalsanız və ya kirayə tutduğunuz evdə tək yaşasanız, xərclərinizi bir qədər artırmış olursunuz. Ölkədaxili və xarici səyahətləri, mədəni və sosial tədbirləri də əlavə edirik.
Bütün bunlarün üstünə az miqdarda universitet xərclərini də hesablasaq, şəhərə görə dəyişən qiymətlərlə sizə bir ay ərzində təxminən 600-1000 avro arasında xərclik lazım olduğunu deyə bilərik.
13. Almaniyada hansı təqaüd proqramlarına müraciət etmək olar?
Almaniyada universitetə qəbul sənədini əldə etdikdən sonra təqaüd üçün müraciət edə biləcəyiniz müxtəlif təşkilatlar var. Universitetlərin özündə də təqaüd proqramları mövcuddur. Müraciətə müsbət cavabın verilməsi sizin təhsil göstəricilərinizdən asılıdır.
Almaniyada təhsil təqaüdü verən ən məşhur təşkilatlardan biri DAAD – “Deutscher Akademischer Austauschdienst” təşkilatıdır. DAAD Azərbaycan vətəndaşlarına bir neçə istiqamətdə təqaüd proqramı təklif edir.
1. Doktorantura və araşdırma üçün
2. Universitet məzunları üçün
3. Bakalaviatura və magistratura tələbələri üçün
Almaniyada magistratura və doktorantura pilləsində təqaüd tapmaq şansınız daha çoxdur.
“Konrad-Adenauer-Stiftung”, “Friedrich-Ebert-Stiftung”, “Rosa-Luxemburg-Stiftung”, “Hanns-Seidel-Stiftung”, “Friedrich-Naumann-Stiftung”, “Heinrich-Böll-Stiftung” kimi fondlar sizin təhsilinizə kömək edə bilər.