İNGİLTƏRƏ UNİVERSİTETLƏRİ

İngiltərədə təhsil almaq hər bir gəncin arzusudur. Böyük Britaniya universitetləri dünya universitetlərinin reytinq cədvəllərində hər il ilk 10-luqda yer almaqla xarici tələbələrin diqqətini cəlb etməyi bacarırlar. İngiltərə universitetlərinin verdiyi diplomlar bütün dünyada qeyd-şərtsiz qəbul edilir. Bu səbəbdən də nə qədər bahalı olsa da, İngiltərə universitetləri həmişə vazkeçilməz arzular sırasındadır. Böyük Britaniyanın Oksford, Kembric, İmperial Kollec, Durhan Universiteti kimi universitetlərinə hər il minlərlə müraciət daxil olur. Bu universitetlər də namizədlər içərisindən ən yaxşılarını seçirlər. 
İngiltərəyə hazırlaşanlar təqdim etdiyimiz məlumatlarla tanış olmadan yola çıxmasınlar. 
 
1. İngiltərə universitetlərinə müraciət şərtləri nələrdir? 
İngiltərədə universitetə müraciət etmək üçün imtahana girməyə ehtiyac yoxdur. Orta məktəb attestatı ilə müraciət edə bilərsiniz. Müsbət cavab almaq şansı attestat balından asılıdır. 

2. İngiltərədə oxumaq üçün ingilis dilindən neçə bal toplanmalıdır? 
İngiltərə universitetlərinə minimum IELTS 6.0 balla müraciət edə bilərsiniz. Bəzi universitetlər hətta 6,5 bal tələb edir. İngiltərədə universitet oxumaq üçün mütləq IELTS UKVI imtahanına girməli olduğunuzu da unutmayın. 

3. İngiltərədə “Foundation Year” proqramında oxumaq nə üçün lazımdır? 
İngiltərədə oxumaq üçün müraciət edən zaman universitetlər namizədin lisey nəticələrindən razı qalmadıqda və ya attestatın orta balını yetərli saymadıqda namizədin “Foundation”da oxuması tələb olunur. Bu proqram 1 il davam edir.

4. İngiltərə universitetlərində təhsilhaqqı nə qədərdir? 
İngiltərədə universitet təhsili ödənişlidir. Avropa universitetlərinin orta qiymətindən yuxarı olduğunu söyləmək mümkündür. İngiltərədə illik təhsilhaqqı 6500 – 55 000 GBP (ingilis sterlinqi) arasında dəyişir. Tələbələr seçdikləri şəhərlərə görə yaşayış yeri, gündəlik xərclər, nəqliyyat və sosial fəaliyyət üçün də az məbləğ ödəmirlər. Londonda bu məbləğ 1000-1200 GBP-dirsə, daha balaca şəhərlərdə 900-1000 GBP ola bilir. 

5. İngiltərədə tələbələrə hansı yaşayış yerləri təklif olunur? 
Tələbələr İngiltərədə universitet və şəhər seçərkən harada qalacaqlarını diqqətlə seçməlidirlər. Qiymət fərqi onların büdcəsinə ciddi təsir edə bilər. Bəs hansı təkliflər var? 
•    Universitet yataqxanaları 
•    Bir ailədə yaşamaq 
•    Özəl yataqxanalar
•    Kirayə evlər

 

Universitet yataqxanaları 
Universitet yataqxanasında yaşamaq istəsəniz, nəzərə alın ki, 2-4 nəfərlik otaqlarda qalmalı olacaqsınız. Birnəfərlik otaqların sayı azdır və çox öncədən qeydiyyatdan keçmək lazımdır. Yataqxanalarda camaşırxana, istirahət otaqları, yeməkxanalar mövcuddur. 
 

Bir ailədə yaşamaq 
Bir ailə ilə yaşaya biləcəyinizi düşünürsünüzsə, yenə də birnəfərlik və ya ikinəfərlik otaq seçə bilərsiniz. Eyni zamanda, ödənişdə yemək və ya yeməksiz olmaqla iki variantdan birini seçmək imkanınız var. 
 

Özəl yataqxanalar 
İngiltərədə özəl yataqxana seçənlər baha da olsa, daha rahat yaşamaq istəyənlərdir. Yataqxanaların birnəfərlik otaqları, şəraiti və yerləşmə yeri tələbələri qane edən səviyyədədir. 
 

Kirayə mənzillər 
İngiltərədə tələbələrin kirayə mənzil seçməsi az rast gəlinən hadisədir. Kirayə mənzil tutmaq həm bahalı, həm də kirayə şərtlərinə görə daha mürəkkəb proses sayılır.