MACARISTAN UNİVERSİTETLƏRİ

Macarıstan universitetlərinin xarici tələbələrə yaratdığı imkanlar həm ölkə iqtisadiyyatına ciddi töhfə verir, həm də təhsil sisteminin təkmilləşməsinə xidmət edir. Universitetə imtahansız qəbul, əksər fakültələrin ingiliscə təhsil verməsi, bahalı sayılmayan universitet ödənişləri xarici tələbələrin Macarıstanı seçməsinə səbəb olur. Macarıstan universitetlərinin məzunları bütün dünyada karyera qura bilmək imkanına malikdirlər. 

1. Macarıstanda təhsil sistemi  

Macarıstan universitetlərində Bolonya sistemi tətbiq olunur. Bu da digər inkişaf etmiş Avropa ölkələrindən geri qalmayan keyfiyyətli təhsil sistemi qurmağa kömək edir. 

Macarıstanda tibb 6 il, stomatologiya və əczaçılıq 5 il, digər fakültələr 3 il bakalaviatura təhsili verir. Magistratura 2, doktorantura 3 illikdir. 

2. Macarıstanda təhsil dili 

Macarıstan hökuməti xarici tələbələrin universitetlərə cəlb olunmasına dəstək verir. Bəzi universitetlər hətta macar dili ilə yanaşı, 100% ingilis dilində təhsilə keçib. 

Xarici tələbələr tələb olunan səviyyədə ingiliscə dil sertifikatına malik olmalıdırlar. İngilis dili lazımi səviyyədə olmadıqda tələbələr akademik ilə başlamamış 1 il hazırlıq sinfində oxuyurlar. Bu kurslarda tələbələrə sadəcə dil öyrədilmir, 1-ci kursda keçiriləcək dərslərə aid əsas məlumatlar da verilir.  

3. Macarıstanda universitet oxumağın üstünlükləri 

•    Macarıstan universitetləri DİM nəticəsi istəmir
•    Macarıstan universitetlərinin diplomları Azərbaycanda tanınır
•    Macarıstan iki dildə - macarca və ingiliscə təhsil verir
•    Macarıstanda az büdcə ilə oxumaq mümkündür
•    Macarıstan Şengen zonasına daxil olduğu üçün rahat səyahət imkanı yaranır
•    Tələbələr həftədə 20 saat işləyə bilirlər
•    Məzun olduqdan sonra 1 illik iş vizası verilir 

4. Macarıstan universitetlərinə müraciət şərtləri 

Macarıstanda universitetlərə müraciət etmək üçün Azərbaycanda hər hansı bir universitetə qəbul olunmaq lazım deyil. Orta məktəb attestatı ilə universitetə müraciət etmək mümkündür. Azərbaycanda universitetə daxil ola bilməyən gənclər də Macarıstanda universitetə müraciət edə bilərlər. Tibb, stomatologiya və əczaçılıq kimi ixtisaslar üçün universitetlər özü ayrıca imtahan keçirə bilər. 

İngiliscə oxumaq istəyənlər IELTS, TOEFL və ya TOEIC sertifikatı təqdim etməlidirlər. Tələb olunan səviyyədə ingilis dili sertifikatı təqdim edə bilməyən tələbələrin universitetdən şərtli qəbul alıb ingiliscə hazırlıq kursu keçmək imkanları var.  

Macarıstan universitetlərinin çox diqqət etdiyi məsələlərdən biri də orta məktəb attestatının balıdır. Namizədin ən azı 60 və daha çox bal toplaması lazımdır. Orta bal nə qədər yüksək olarsa, müraciətə müsbət cavab verilməsi ehtimalı da bir o qədər yüksək sayılır.

5. Macarıstanda universitet ödənişləri 

Macarıstanda biznesin idarə olunması, mühəndislik, sosial elmlər kimi fakültələrdə illik ödəniş 3000 – 4000 avrodur. Tibb, əczaçılıq və stomatologiya fakültələri daha bahadır – illik 8000 - 11000 avro arasında dəyişir.  

6. Macarıstan universitetlərinə nə vaxt müraciət etmək lazımdır? 

Macarıstan universitetlərinə müraciət etmək istəyən şagirdlər attestat almağa və ya universitet imtahanının nəticələrini gözləməyə məcbur deyillər. Macarıstan belə şərtlər qoymur. Sadəcə bu ölkədə hər universitet öz müraciət tarixini özü müəyyənləşdirir. Təxmini bir vaxt deyəsi olsaq, oktyabrda universitetə başlamaq istəyənlər fevralda müraciət etmiş olmalıdırlar. 

Macarıstanda bəzi universitetlər fevral ayında da dərsə başlamaq imkanı yaradır. Bu halda tələbələr sentyabrda universitetə qəbul üçün müraciət etməlidirlər. 

7. Macarıstanda yataqxana imkanları

Macarıstanda oxumaq istəyənlərə uyğun qiymətə tələbə yataqxanaları təklif olunur. 3-4 nəfərlik otaqlarda qalmaq istəyənlər aylıq 80-110 avro ödəməlidirlər. 

Tək qalmaq istəyən tələbələr üçün də müxtəlif seçim imkanları mövcuddur. Kirayə ev tutmaq istəyən tələbələr ikinəfərlik mənzillər üçün 300-500 avro ödəniş etməli olacaqlar. 

8. Macarıstanın məşhur universitetləri  

•    Peç Universiteti
•    Dunaujvaros Universiteti 
•    Budapeşt Metropolitan Universiteti 
•    Budapeşt Tekniki Universiteti 
•    IBS – International Business School
•    Budapeşt Film Akademiyası
•    Debrecen Universiteti 
•    Obuda Universiteti 
•    Budapeşt Korvinus Universiteti