NİDERLAND UNİVERSİTETLƏRİ

Niderland Avropanın ən keyfiyyətli təhsil mərkəzlərindən biri sayılır. Niderland universitetləri əsasən iki yerə ayırılır: “University of Applied Science” adlanan, əmək bazarını işçi ilə təmin etmək üçün yaradılan, nəzəriyyə və araşdırma büdcəsi böyük olmayan universitetlər və “research” tipli, yəni araşdırma universitetləri. Araşdırma universitetlərinə xarici tələbələrin qəbulu daha çətin başa gəlir. Bu universitetlər attestat balına, akademik uğurlara, dil biliklərinin yüksək olmasına xüsusi fikir verir.

1. Niderlandda təhsil sistemi

Niderlandın təhsil tarixi XVI əsrə gedib çıxır. Bir çox sahələr kimi təhsildə də böyük inkişaf yolu keçən Niderlandın araşdırma universitetlərində bakalaviatura mərhələsi 3 il, tətbiqi universitetlərində 4 ildir. Magistratura təhsili kredit sayına görə 1-2 il davam edir.   
Dünyanın ən yaxşı 200 universitet arasında Hollandiyanın Delft Texnologiya Universiteti,  Eyndhoven Texnologiya Universiteti, Rotterdam Erasmus Universiteti, Amsterdam Universiteti, Amsterdam Azad Universiteti, Qroninqen Universiteti, Maastrixt Universiteti, Leyden Universiteti, Tvente Universiteti kimi təhsil ocaqları vardır.  


Xarici tələbələr daha çox Erasmus Universiteti, Maastrixt Universiteti, Amsterdam Azad Universiteti və Tvente Universitetini seçirlər.

 

2. Niderland universitetlərinə müraciət şərtləri

Niderlandda universitetə müraciət etmək üçün IELTS 6.0-6.5, TOEFL 80+ bal tələb olunur.  


Tələb edilən səviyyədə dil biliyinə sahib olmadıqda və ya dil biliyi kifayət etdiyi halda, IB və A-level kimi beynəlxalq lisey diplomları təqdim edə bilmədikdə, tələbələr hazırlıq ilinə – “Foundation” proqramına başlamalı olurlar. Bu proqram üçün IELTS-dən 5 bal toplamaq  yetərlidir. Niderlandın keyfiyyətli təhsil sistemi hazırlıq mərhələsində keçdiyi dərslər və artırılan dil biliyi səviyyəsi ilə tələbəni tamamilə universitetə hazırlaşmış olur. 

3. Niderland universitetlərinə müraciət tarixləri

Bu tarixlər universitetə görə dəyişir. Əsasən 1 yanvar – 1 may tarixləri arasında davam edən qəbul müddətini universitetlər özləri təyin edir. Dəqiq vaxtı öyrənmək üçün seçdiyiniz universitetin qəbul cədvəlini yaxından izləməlisiniz.

4. Niderlandda universitet qiymətləri

Niderlandda bakalaviaturada illik qiymət 8 000 – 15 000 avro arasında dəyişir. “Foundation” ili 18 000 avro qiymətləndirilir. Hazırlıq ilində qiymətin daha baha olması mükəmməl dil hazırlığı keçməsi, tələbəni akademik həyata tam hazırlaması ilə izah edilir. Bu bir il içində tələbənin təhsil həyatında bütün çatışmayan tərəfləri tamamlanır və o, rahat şəkildə universitetə keçə bilir.

5. Niderlandda tələbə yataqxanaları

Niderlandda daha çox özəl yataqxanalar və tələbə evləri populyardır. Ev axtarışına çox əvvəldən başlanılsa, daha uyğun qiymətə ev tapmaq mümkündür. 


Ayda 450-700 avro arasında dəyişən kirayə qiymətlərini şəhərlərə görə fərqləndirmək lazımdır. Tək yaşamaq istəyənlər 850 avrodan başlayan qiymətləri nəzərə almalıdırlar. 


Ümumilikdə isə kirayə xərcinin üstünə aylıq ən azı 500 avro da hesabladıqda, buna Niderlandda bir tələbənin aylıq xərci demək olur. Amsterdam bahalılığı ilə müqayisədə Rotterdam, Leyden, Maatrix, Qronninqen kimi şəhərlər tələbələrin daha çox üzünü güldürür.

6. Niderlandda oxumaq üçün ən çox seçilən ixtisaslar

•    Beynəlxalq ticarət
•    İqtisadiyyat və biznesin idarə edilməsi
•    Elektrik mühəndisliyi
•    Kompüter mühəndisliyi
•    Nüvə texnologiyaları 
•    Media və kommunikasiya