POLŞA UNİVERSİTETLƏRİ

Polşa universitetləri təklif etdiyi keyfiyyətli təhsil və təqaüd proqramları ilə Şərqi Avropada çox fərqlənən bir mövqeyə sahibdir. Polşa universitetləri qəbulda və təhsil alarkən tələbələrə uyğun şərtlər təqdim edir. Eyni zamanda, onların yüksəkkeyfiyyətli mütəxəssis kimi məzun olması üçün hər il təhsil proqramlarını və tədris metodlarını təkmilləşdirməkdədir.

1. Polşada universitetə qəbul qaydaları

Polşada universitetə başlamaq üçün namizədin öz ölkəsində qəbul imtahanına girmək məcburiyyəti yoxdur. Yəni DİM nəticələri tələb olunmur. Namizəd öz ölkəsində istənilən liseydən məzun ola bilər. Amma orta attestat balı xüsusi rol oynayır.

2. Polşada təhsil dili

Polşada həm polyakca, həm də ingiliscə təklif olunan proqramlar vardır. İngilis proqramlar da yüksək səviyyədə olduğu üçün Polşanı seçən xarici tələbələrin sayı hər il artır. İngiliscə proqramlara müraciət edən namizədlər IELTS, TOEFL və ya TOEIC sertifikatlarına sahib olmalıdırlar. 

3. Polşada təhsil müddəti

Polşada bakalaviatura əsasən 3, magistratura 2, doktorantura 3 illikdir. Bəzi ixtisaslarda bakalaviatura daha uzun – 4, 5, 6 il çəkə bilər. 

4. Polşada universitet qiymətləri

Polşada dövlət universitetləri xaricilər üçün ödənişlidir. Özəl universitetlərlə müqayisə etsək, ciddi bir qiymət fərqinin olmadığını görərik. Mühəndislik və biznesin idarə edilməsi ixtisaslarında qiymət 1800-4000 avro arasında dəyişir. Tibb və əczaçılıq ixtisaslarında isə 11-14 min avro xərcləmək lazım gələcək. 

5. Polşada oxuyarkən işləmək olarmı? 

Polşada təhsil alarkən part-taym işləmək mümkündür. Bakalaviaturada təhsilinizi tamamaladıqdan sonra həm Polşada, həm də Avropa Birliyi ölkələrində 2 ilə qədər işləmə və yaşama haqqına sahib olursunuz. Bu müddət ərzində iş axtara bilərsiniz. Sığortalı bir işiniz olduğu müddətdə Avropada yaşamağa davam edə bilərsiniz.

6. Polşada hazırlıq kursları 

Universitet təhsilini ingiliscə almaq istəyən və ingilis dili biliyi lazımi səviyyədə olmayan namizədlər təhsilə başlamazdan əvvəl Polşada ingiliscə hazırlıq kursuna yazıla bilərlər. 

Polyakca oxumaq istəyənlər üçün də hazırlıq sinifləri mövcuddur. Qeyd edək ki, polyakca öyrənmək təhsil xərclərini xeyli azaltmış olacaq. Çünki polyakca oxuyarkən universitet ödənişi daha az hesablanır. Gələcəkdə də təhsil alınan ölkənin dilini bilmək özü ilə fərqli üstünlüklər gətirəcək. 

Dil kursu keçmədən birbaşa universitetə başlamaq istəyən tələbələr tələb olunan müvafiq səviyyədə IELTS, TOEFL, TOEIC sertifikatları ilə bunu edə bilərlər. Əgər istənilən səviyyədə ingilis dili biliyi yoxdursa, Polşa universitetlərində şərtli qəbul alaraq 1 il və ya yarım semestr ərzində ingiliscə hazırlıq təhsili almaq lazımdır.

7. Polşa universitetlərinə müraciət tarixləri 

Polşada müraciət tarixi polyakca, yoxsa ingiliscə hazırlıq və ya birbaşa 1-ci kursa başlamadan asılı olaraq fərqli vaxtlarda açılır. 

Polşada bir çox universitet oktyabrda dərslərə başlayır. Bəzi universitetlər polyakca və ingiliscə hazırlıq kursu və bəzi təhsil proqramlarına fevral ayında başlamaq şansı verir. Fevralda başlayan dərslər üçün müraciətlərə oktyabrda baxılır. Namizədlər bu tarixləri dəqiq araşdırıb sənədləşmə işində problem yaşamamaq üçün vaxtında müraciət etməyə çalışırlar. 

İngiliscə hazırlıq oxumaq istəyənlərin fevralda müraciətləri qəbul edən universitet tapmaq imkanları daha yüksəkdir. Amma bu kurslar adətən ən az B1 səviyyəsində olan xariciləri qəbul edir. 

Dil hazırlığına ehtiyacınız yoxdur və birbaş universitetə başlamaq istəyirsinizsə, fevralda universitet tapmaq çətin olacaq. Bunun üçün özəl univeristetləri diqqətlə araşdırmaq lazımdır. 

8. Polşada yataqxana seçimi 

Polşada universitet yataqxanaları adətən 2-3 nəfərlik olur. Qiyməti aylıq təxminən 150 avrodur. Birnəfərlik otaqların qiyməti 250-400 avro arasında dəyişir. 

Xarici tələbələr üçün nəzərdə tutulan tələbə evləri əsasən Varşava ətrafındadır. Evlərin kommunal xərcləri ev idarəçilər tərəfindən ödənilir. Kirayəpulu isə evin həcminə və şəraitinə görə dəyişir. Məsələn, ikinəfərlik 35 kvadratmetrlik evin qiyməti 350-500 avro arasındadır. 

9. Polşada təqaüd imkanları

Polşada universitetin ilk ilində təqaüd almaq imkanı, demək olar ki, yoxdur. Tələbənin akademik göstəriciləri yüksək olarsa, 2-ci il universitet xərclərində endirim üçün müraciət edə bilər. Maddi vəziyyəti qənaətbəxş olmayan tələbələrin də təqaüd almaq imkanı var. Universitet xərclərində endirimlə yanaşı, Polşa hökumətinin təklif etdiyi təqaüd proqramına müraciət etmək mümkündür. 

10. Polşada oxuya biləcəyiniz ixtisaslar 

•    Tibb
•    Stomatologiya
•    Psixologiya
•    İnşaat mühəndisliyi 
•    Avadanlıq mühəndisliyi 
•    Kompüter mühəndisliyi 
•    Memarlıq
•    İqtisadiyyat
•    Maliyyə 
•    Biznesin idarə olunması
•    Beynəlxalq münasibətlər
•    Xarici dillər 

11. Polşanın ən çox müraciət edilən universitetləri 

•    Yagellon Universiteti 
•    Varşava Universiteti 
•    Adam Mitskeviç Poznan Universiteti 
•    Elm və Texnologiya AGH Universiteti
•    Varşava Tibb Universiteti 
•    Qdansk Texnologiya Universiteti
•    Varşava Təbiət Elmləri Universiteti
•    Vroslav Tibb Universiteti
•    Varşava Texnologiya Universiteti
•    Vroslav Elm və Texnologiya Universiteti