TÜRKİYƏ UNİVERSİTETLƏRİ

Türkiyə universitetləri hər gün daha çox xarici vətəndaşın seçimi olmaqdadır. Türkiyədə təhsil almaq artıq prestij məsələsidir. Gənclərin Türkiyədə oxumaq istəyi bu ölkənin təklif etdiyi təhsil proqramları, fərqli tədris metodikaları, tələbələrə yaratdığı şərait sayəsində yaranır.      
Dünya universitetlərinin reytinq cədvəlində ilk 1000 arasında Türkiyənin 13 universiteti yer alır. Türkiyə həm də universitet tələbələrinin sayına görə Avropada birinci yeri tutur. Ölkənin 207 universitetində 8 milyona yaxın tələbə oxuyur. Onlara 60 minə yaxın fərqli proqram təklif edilir. Bütün universitetlərin yüksək səviyyədə təchiz olunmuş kampusları mövcuddur. Siz də xarici tələbə olaraq bu qədər böyük seçim içində özünüzə uyğun proqram və universitet tapmaqda çətinlik çəkməyəcəksiniz. Qeyd edək ki, Türkiyə universitetlərinin diplomları Avropa tanınan diplomlar arasındadır. 

1. Türkiyə universitetlərinə necə müraciət etməli?
Türkiyədə bakalaviatura təhsili almaq istəyən əcnəbi tələbələr öz ölkələrində əldə etdikləri tam orta təhsil attestatına malik olmalıdırlar. Onlar bu sənədlə istədikləri universitetə birbaşa müraciət edə bilərlər. Təhsilini magistratura və ya doktoranturanda davam etdirmək istəyən xarici vətəndaşlar da qəbul şərtlərini özləri müəyyən edən universitetlərə birbaşa müraciət edirlər. Türkiyə hökuməti sadəcə “Türkiye Bursları” təqaüd proqramı vasitəsilə xarici tələbələrin universitetlərə yerləşdirməsini həyata keçirir. 

2. Türkiyədə attestatla təhsil almağın şərtləri nələrdir? 

Türkiyədə attestatla oxumaq mümkündür. Bir çox dövlət və özəl universitetlər lisey diplomu, yəni attestatla da xarici tələbə qəbulu həyata keçirir. Əlbəttə ki, burada attestat qiymətlərinin rolu böyükdür. Nə qədər yüksək bal toplasanız, nüfuzlu universitetlərin birindən müsbət cavab almaq şansınız da bir o qədər yüksək olur. 

3. “Türkiye Bursları” təqaüd proqramı 

Unikal “Türkiye Bursları” təqaüd proqramında tələbələrə pulsuz təhsil, yataqxana, qidalanma, tibbi sığorta, təyyarə bileti və üstəlik, təqaüd təklif edilir. Təhsildə yüksək nəticə göstərən tələbələrə əlavə təqaüd almaq imkanı verilir. 
“Türkiye Bursları” sayəsində siz Türkiyənin nüfuzlu universitetlərində tibb, mühəndislik, beynəlxalq münasibətlər, maliyyə, beynəlxalq ticarət, dizayn və arzuladığınız digər ixtisaslar üzrə təqaüdlə təhsil ala bilərsiz. Bakalaviatura, magistratura və doktorantura təhsili ilə yanaşı, siz türkiyəli mütəxəssislərlə birgə tədqiqat aparmaq üçün xüsusi araşdırma təqaüdü üçün də müraciət edə bilərsiz.   
Təqaüd proqramı haqqında ətraflı məlumat: https://www.turkiyeburslari.gov.tr/ 

4. Türkiyədə xarici tələbələrin hüquqi öhdəlikləri hansılardır?

Tələbə vizası 
Xarici dil imtahanı və YÖS imtahanını uğurla verən tələbələrə universitet tərəfindən “Tələbə qəbul arayışı” göndərilir. Bu arayışı alan tələbələrə öz ölkələrindəki Türkiyə Konsulluğundan viza almalıdırlar. Tələbə vizası ala bilməyən tələbələr universitetdə qeydiyyatdan keçə bilməzlər. 

Yaşamaq icazəsi 

Xarici tələbələrin Türkiyədə təhsilə başlamaları üçün həll etməli olduqları başqa bir hüquqi prosedur yaşamaq icazəsi almaqdır. Onlar yaşadıqları şəhərdə Miqrasiya İdarəsinə müraciət etməlidirlər. Bu müraciət 1 ay içində edilməlidir. İcazələr hər il yenilənməlidir. 

Tibbi sığorta 

Səhhətində yarana biləcək problemlərlə bağlı müraciət edə bilmək üçün xarici tələbələr Türkiyədə tibbi sığorta paketi almalıdırlar. Əks halda sağlamlıqla bağlı problemləri tələbələr özləri həll etməli olacaqlar. 


5. Türkiyə universitetlərində təhsil haqqı nə qədərdir? 

Türkiyədə universitet qiymətləri onların məxsus olduğu kateqoriyaya görə müəyyənləşdirilir. Dövlət və gəliri hədəfləməyən vəqf universitetlərində təhsil haqqı məsələsinə fərqli münasibət var. Vəqf universitetlərində bu məbləğə Himayəçilər Şurası qərar verir. Dövlət universitetlərində isə təhsil haqqının müəyyənləşdirilməsi fəaliyyətin növünə və müddətinə əsasən Nazirlər Kabineti tərəfindən aparılır.   

Xarici tələbələr hər semestrin ödənişini dərsə başlamadan öncə etməlidir. İstər dövlət, istərsə də gəliri hədəfləməyən vəqf universitetləri qəbul etdikləri tələbələrin bir qisminə təqaüd verməkdədir. Müxtəlif səbəblərdən verilən bu təqaüdləri tələbələr akademik materialın alınmasına və gündəlik xərclərinə sərf edə bilirlər.