Bir çox ölkələrdə olduğu kimi, Almaniyada da universitetə qəbul olunmaq üçün mütləq 12 illik orta təhsili başa vurmaq lazımdır. Buna görə də 11 illik təhsil verən ölkələrin vətəndaşları Almaniyada universitetə girmək üçün burada 12-ci sinfi – universitetə hazırlıq mərhələsi sayılan ştudienkolleci (Studienkolleg) bitirməlidirlər.
Orta məktəbdən sonra universitetdə 3 illik bakalaviatura mərhələsi başlayır. Burada limitli və limitsiz ixtisaslar təklif olunur. Təbii ki, tələbənin məktəbdə əldə etdiyi yüksək orta bal onun limitli ixtisasda özünə yer tapmasına birbaşa kömək edir.
Biliklərini daha da dərinləşdirmək istəyənlər təhsillərini magistraturada davam etdirə bilərlər.
İki il oxuduqdan və “magistr işi” adlanan araşdırmanı müdafiə etdikdən sonra onlar “magistr” adı qazanırlar.
Elmi araşdırma, yəni doktorantura təhsili üçün əksər ölkələrdə olduğu kimi, Almaniyada da 3 il verilir. Bu mərhələdə yaxşı bir təqaüd də almaq mümkündür. Hər şey namizədin təhsil göstəricilərindən asılıdır.