ALMANİYADA TƏQAÜD PROQRAMLARI

Almaniya xarici tələbələrə çoxlu sayda təqaüd proqramı təklif edən ölkələrdəndir. Bu ölkədə 2000-dən çox təşkilat 40-dan çox kateqoriyada təqaüd verir. Təhsilin istənilən pilləsində bu təqaüdlərə müraciət etmək mümkündür. Hər pilləyə uyğun olaraq namizədə müvafiq tələblər qoyulur. Almaniyanın əsas təqaüd proqramları aşağıdakılardır.

DAAD təqaüdləri

DAAD Almaniyada oxumaq istəyən xarici tələbələrə bakalaviatura, magistratura və doktorantura pillələri üçün təqaüd verir. DAAD Azərbaycan üçün bir neçə istiqamətdə təqaüd proqramı həyata keçirir.

Doktorantura və araşdırma üçün
Universitet məzunları üçün
Bakalaviatura və magistratura tələbələri üçün
Bundan başqa siz DAAD Yay məktəbi təqaüdü üçün də müraciət edə bilərsiniz. Bakalaviatura, magistratura və doktoranturada oxuyan tələbələr üçün 4 həftəlik yay məktəbi təqaüdü mövcuddur. Bu təqaüd alman dilini inkişaf etdirmək istəyən tələbələrin kurs ödənişini və yaşayış yerini ödəmək üçün verilir. 

“Erasmus” təqaüd proqramı

Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus” mübadilə və təqaüd proqramı tələbələr arasında çox populyardır. Bu proqram çərçivəsində tələbələrin çox seçdiyi ölkələrdən biri də  Almaniyadır. Bu ölkə tələbələrə avtomatlaşdırma, qida, kimya kimi sahələrini əhatə edən  müəssisələrdə təcrübə keçmək imkanı yaradır.  

“Heinrich Böll” təqaüdü  

Almaniyada magistratura və doktoranturada oxuyan xarici tələbələrin ən çox müraciət etdiyi təqaüd proqramlarından biri də “Heinrich Böll” təqaüdüdür. Hər il təxminən 1 200 tələbəyə verilən bu təqaüd üçün tələbələr Almanyadakı dövlət universitetlərində ETMM sahələrində (elm, texnologiya, mühəndislik və riyaziyyat) təhsillərini davam etdirmələri lazımdır. Təqaüdün məbləği aylıq 850 – 1 200 avro arasında dəyişir. 

“Deutschlandstipendium” təqaüdü

“Deutschlandstipendium” təqaüdünə daha çox təhsil göstəriciləri yüksək olan tələbələr müraciət edirlər. Bu təqaüdü milliyyətdən və maddi vəziyyətindən asılı olmayaraq, Almaniyada oxuyan hər bir tələbə ala bilər. Hər təqaüdçüyə ayda 300 avro ödənilir. 

“Rosa Luxemburg Stiftung” təqaüdü 

“Rosa Luxemburg Stiftung” təqaüdü Almaniyada magistratura və doktoranturada oxumaq istəyən tələbələrə verilir. Tələbələrin B2+ səviyyədə almanca bilmələri tələb olunur. Təqaüd üçün son müraciət tarixlərii 1 oktyabr və 1 apreldir. 

“Friedrich Ebert Stiftung” təqaüdü

“Friedrich Ebert Stiftung” təqaüdləri Almaniyada bakalaviatura, magistratura və doktoranturada oxumaq istəyənlər tələbələrə maliyyə dəstəyini nəzərdə tutur. Təqaüdün həcmi 744 avrodur. Əlavə olaraq 300 avro sabit təhsil haqqı da verilir.  

Təqaüdə müraciət edən namizədlərin ictimai işlərdə və siyasi təşkilatlarda aktiv olması xüsusi qiymətləndirilir. Namizəd daha əvvəl Almaniyada hər hansı bir universitetdə oxumamış olmalıdır.  ​

“Goethe Goes Global” təqaüdü

“Goethe Goes Global” təqaüdünü Höte Universiteti Almaniyada magistraturada oxumaq istəyən tələbələrə verir. Universitet bu təqaüdlə hər il təxminən 20 tələbəyə tarix, fəlsəfə, biokimya, kompüter texnologiyaları, kimya, riyaziyyat, fizika və digər sahələrdə təhsil imkanı yaradır. Təqaüdün həcmi 1000 avrodur və magistratura proqramına uyğun olaraq 2 il müddətinə verilir. Eyni vaxtda magistrantlara Höte Araştırma Ofisində təcrübə imkanı verilir. 

“Friedrich Naumann Foundation” təqaüdü

“Friedrich Naumann” fondu tərəfindən verilən, Almaniya, İsveçrə və ya başqa Avropa Birliyi ölkələrində dövlət tərəfindən tanınan universitetlərdə magistratura və doktorantura təhsili almaq istəyən tələbələr üçün nəzərdə tutulur. Fond hər il biznesin idarə olunması, hüquq, stomatologiya, tibb kimi sahələrdə tədqiqat təqaüdləri verir. Həmçinin, doktoranturadan sonra da araşdırmaq aparmaq istəyənlərə kömək edir. 

“Amirana” təqaüdü

“Amirana” təqaüdü 2016-cı ildən etibarən Heydelberq Universiteti tərəfindən verilir. Tibb və stomatologiya sahələrində oxumaq istəyən tələbələrə verilir. Dünyanın bir çox ölkəsindən maddi vəziyyəti təhsil üçün qənaətbəxş olmayan tələbələr müvafiq sənədlər təqdim etməklə təqaüdə müraciət edə bilərlər. 

“Kurt Hansen” təqaüdü
“Bayer” fondu tərəfindən maliyyələşdirilən bu təqaüd əsasən humanitar sahədə oxuyan xarici tələbələrə verilir. Tədris layihələri, təcrübə proqramı, yay məktəbləri, fizika, biologiya, kimya və tibb sahəsində araşdırma üçün də müraciət etmək mümkündür. Namizədlərdən innovativ layihələr gözləyən proqramın təqdim etdiyi təqaüdün həcmi 20 min avroya qədərdir.

 “Studienstiftung des deutschen Volkes” təqaüdü

Almaniya Milli Akademiya Dərnəyi bu təqaüd üçün bakalaviatura, magistratura və doktoranturada oxuyan tələbələrin müraciətlərini qəbul edir. Əsas seçim kriteriyaları namizədin akademik biliyi, intellektual potensialı və ictimai aktivliyidir. Təqaüdün hədəf kütləsi Avropa Birliyi ölkələri, qaçqınlar və ən azı 5 ildir Almaniyada yaşayan, lakin AB üzvü olmayan şəxslərdir. Təqaüdün məbləği 300-1500 avro arasında dəyişir.

“Stiftung der Deutschen Wirtschaft” təqaüdü

Təhsil göstəriciləri yüksək olan tələbələrin, doktoranturada oxumaq istəyən məzunların və maddi vəziyyəti qənaətbəxş olmayan gənclərin təhsil ala bilməsinə kömək etmək üçün Almaniya İqtisad Fondunun təsis etdiyi bu təqaüd bakalaviatura və magistraturada oxuyan tələblərə verilir. Namizədə olan tələblər, demək olar ki, Almaniya Milli Akademiya Dərnəyinin tələbləri ilə eynidir.