İNGİLTƏRƏDƏ MAGİSTRATURA, MBA və DOKTORANTURA TƏHSİLİ

İngiltərədə magistratura 
İngiltərədə magistratura oxumaq istəyən namizədlər daha çox iqtisadiyyat, marketinq, psixologiya və memarlıq kimi sahələri seçirlər. 500 000-ə qədər tələbənin təhsil aldığı İngiltərədə Oksford, Kembric kimi reytinq siyahılarında ilk onluqla yer alan universitetləri qeyd etmək yetərlidir ki, bu ölkədə təhsilin səviyyəsi barədə real təsəvvür yaransın. Bu səviyyə təklif edilən yüzlərlə magistratura proqramı üçün də keçərlidir.  

Müraciət şərtləri 
İngiltərədə magistratura proqramına müraciət edə bilmək üçün ön şərtlərə əməl etmək lazımdır. Şərtlər universitet və proqrama görə dəyişir. Universitetlərin ön şərtlərinə uyğun olmağınız müsbət cavab alacağınız demək deyil. İstədiyiniz nəticəyə çatmaq üçün tövsiyə məktubları, akademik uğurlar önəmli rol oynayacaq. 

İngilis dili səviyyəsi 
İngilis dilinin vətəni olan İngiltərədə oxumaq üçün öncə ingiliscə bilik səviyyənizi sənədlə sübut etməlisiniz. İngiltərə universitetləri IELTS, TOEFL, PTE və digər beynəlxalq dil sertifikatlarını qəbul edir. Tələb olunan sertifikat balı universitetə görə dəyişsə də, minimum IELTS 6 bal tələb olunmaqdadır. 

GPA – orta bal 
Bakalavr transkriptindəki orta balın yüksək olması magistraturaya qəbulda böyük üstünlük sayılır. Universitetlər tələb etdikləri orta baldan aşağı olan sənədləri qəbul etmirlər. Nə qədər dəyişən rəqəmlər olsa da, minimum orta balınızın 73+ olması lazımdır. Bəzi universitetlərdə isə bu rəqəm 83-dür. 

Qabiliyyət imtahanları 
Seçdiyiniz proqrama görə sadəcə akademik uğurlarınız kifayət etməyə bilər. Memarlıq və sənət ixtisaslarını əhatə edən magistratura proqramlarına müraciət edən namizədlərdən portfolio istənilə bilər. Universitetin əlavə imtahan keçirməsi də gözləniləndir.  

Tövsiyə məktubu
İngiltərə universitetləri namizədi dəyərləndirmək üçün onun müəllimlərindən alınmış tövsiyə məktublarına xüsusi önəm verirlər. Yaxşı tərtib olunmuş 2 tövsiyə məktubu ilə siz özünüz haqqında müsbət rəy yarada bilərsiniz. 

Magistratura qiymətləri 
İngiltərədə istər dövlət, istərsə də özəl universitetlərdə magistratura proqramları ödənişlidir. Ödənişin məbləği xarici vətəndaşlar üçün daha çoxdur. Bu məbləğ universitet və proqrama görə dəyişir. İngiltərədə magistratura üçün illik ödənişin məbləği 6.000 GBP-dən başlayır.