İTALİYADA MAGİSTRATURA, MBA və DOKTORANTURA TƏHSİLİ

İtaliyada magistratura təhsili almaq, xüsusilə, sənət ixtisaslarını seçənlərin arzusudur. Tibb, biznesin idarə edilməsi və memarlıq ixtisaslarını da əlavə etdikdə, İtaliyada magistratura təhsili üçün istənilən sayda proqram tapmaq mümkün olur. Ölkədə təqdim edilən çoxsaylı təqaüd imkanları, zəngin mətbəx, misilsiz təbiət gənclərin İtaliya arzusunu daha da stimullaşdırır.

İtaliyada magistraturaya müraciət şərtləri

Universitetlərə və ixtisaslara görə bəzi fərqlər olsa da, əsas şərtləri aşağıdakı kimi sistemləşdirmək olar:

Bakalaviaturadan ən azı GPA 65 balla ayrılmaq lazımdır. Bu baldan aşağı balı olan namizdələrin müraciətlərinə müsbət cavab verilməsi, demək olar ki, mümkün deyil.

İngiliscə oxumaq istəyənlər beynəlxalq dil sertifikatı təqdim etməlidir. Minimum 6.0 IELTS,  75 TOEFL balı və ya hər hansı buna bərabər dil sertifikatı.

Yaxşı tərtib olunmuş tövsiyə məktubu. Bakalaviaturada sizə dərs demiş 2 müəllimdən sizin perspektivli mütəxəssis olduğunuza dair müsbət rəy alınmalıdır.

Motivasiya məktubu da müsbət cavab almağınıza kömək edəcək faktorlardandır.

İtaliyada MBA proqramına müraciət edən namizədin ən azı 2 il iş təcrübəsi olmalıdır.

Sənət və ya memarlıq ixtisasını seçənlərin yüksəksəviyyəli portfoliosu və geniş sənət biliyi olmalıdır. 

İtaliyada magistratura müddəti

İtaliyada magistratura müddəti əsasən 2 ildir. Dissertasiyasız magistratura proqramlarının müddəti isə 1 il.  Bakalaviaturada bəzi ixtisas və fakültələr xüsusi imtahan keçirirlər. Magistraturada belə imtahanlar yoxdur.

Bəzi fakültələrdə məcburi staj tələbi ola bilər. Bir çox İtaliya universitetləri təcrübə proqramları üçün böyük şirkətlərlə əməkdaşlıq edir. 

İtaliyada magistratura təhsilinin dili

İtaliyada həm italyanca, həm də ingiliscə magistratura təhsili almaq mümkündür.

İtalyanca oxumaq istəyən tələbələr B1-B2 səviyyədə dil biliyinə dair sənəd təqdim etməlidir. İtalyanca bilməyənlər universitetlərdə fəaliyyət göstərən pulsuz italyan dili kurslarına gedə bilərlər.

İtaliyada ingiliscə hazırlıq proqramı çox rastlanan hadisə deyil. İngilis dilində oxumaq istəyən tələbələr də ən azı B2 səviyyəsi (IELTS 5,5) sertifikatı təqdim etməlidirlər.

İtaliyada magistratura təqaüdü

İtaliyada təhsil almağın müsbət tərəflərindən biri də təqaüd imkanlarının digər ölkələrə nisbətən daha çox olmasıdır. Təqaüdlər sadəcə universitet ödənişlərini deyil, aylıq tələbə xərclərini də ödəyə bilir. Ölkə miqyasında verilən dövlət, akademik, istedad təqaüdlərindən başqa, əyalət, universitet təqaüdləri kimi tələbələrin təhsilini dəstəkləyən proqramlar mövcuddur. Ailənin qənaətbəxş olmayan maddi vəziyyəti də təqaüd almaq üçün səbəb ola bilər.

İtaliyada universitet xərcləri

İtaliyada universitet ödənişlərini hər bir təhsil müəssisəsi özü təyin edir. Dövlətdən dəstək alsalar da, öz büdcələrini müəyyənləşdirmək üçün qiymət siyasətini ciddi nəzarətdə saxlayırlar.

İtaliya universitetləri bu sərbəstlik nəticəsində tələbələrin maddi vəziyyətinə görə qiyməti dəyişə bilir. Universitetlərin qiyməti şəhərə, ixtisasa görə dəyişir.

İtaliyanın dövlət universitetlərində ödəniş ortalama 800-3500 avro arasında dəyişir. Özəl universitetlərdə bu məbləğ 12 000 avrodan 22 000 avroyadək arta bilir.

İtaliyada magistratura pilləsi üçün müraciət vaxtı

İtaliya universitetləri digər Avropa ölkələrindən daha tez qəbul elan edir. Müraciətlər əsasən may ayının ortalarına qədər davam edir. İtalyanca oxumaq istəyən tələbələr iyun ayında İtaliya Konsulluğunun təşkil etdiyi italyan dili imtahanına girməlidirlər. 

İtaliya universitetlərində bəzi ixtisaslara görə əlavə imtahan tələb oluna bilər. Tibb, veterinarlıq, mühəndislik ixtisasını seçən tələbələr mərkəzləşdirilmiş imtahana girməlidirlər. Modelyerlik, dizayn kimi ixtisaslar üçün isə universitetlər xüsusi imtahan keçirə və ya namizədlərdən portfolio istəyə bilərlər.

İtaliyada ən çox müraciət edilən magistratura proqramları

İtaliyada magistratura oxumaq üçün daha çox moda dizaynı, memarlıq, sənət, qastronomiya və biznesin idarə edilməsi ixtisasları seçilir.

İtaliyada yaşayış yeri variantları

İtaliyada tələbələrin yaşamaq üçün universitet və ya dövlət yataqxanaları, özəl yataqxanalar, ortaq və ya təkbaşına ev kirayələmək kimi seçimləri vardır. Qiymətlər şəhərə və şəhər içində yerləşmə yerinə görə fərqlənir.