İTALİYA UNİVERSİTETLƏRİ

Hazırda İtaliya universitetlərinin təklif etdiyi yüksəksəviyyəli təhsil bu qədim mədəniyyət beşiyi ölkəni həm də təhsil mərkəzi kimi tanıtmaqdadır. Dünya reytinq cədvəlində ilk 1000 universitet arasında İtaliyanın 40 universiteti vardır. İtaliya Avropada universitet sayına görə 3-cü yerdədir. 
İtaliya universitetləri həm italyanca, həm də ingiliscə təhsil verməkdədir. Digər Avropa ölkələr ilə müqayisədə İtaliyada ali təhsil xərcləri daha azdır. Eyni zamanda, diplomları bütün dünyada tanınmaqdadır. 

1. İtaliya universitetlərinə qəbul şərtləri

İtaliya universitetlərinə müraciət qaydası təhsil müəssisəsinə və ixtisasa görə dəyişir. İstənilən halda siz  12 illik orta təhsil haqqında sənəd təqdim etməlisiniz. Əgər 12 illik orta təhsiliniz yoxdursa, Azərbaycanda universitetin 1-ci kursunu uğurla bitirmiş olmalısınız. İtaliyada universitetə müraciət edərkən Azərbaycanda oxuduğunuz ixtisasın eynisini seçmək məcburiyyəti yoxdur. 
İtaliya universitetləri DİM nəticəsi tələb edir. Attestatın orijinalı və italyancaya tərcüməsi, transkript  apostil olunmalıdır. Namizəd hələ liseydə oxuyursa, attestat alana qədər liseydə oxuduğunu təsdiqləyən sənəd təqdim etməlidir. Bu sənəd də apostil olunmalıdır. 
İtalyanca oxuyacaq namizədlər italyanca CELI-CILS imtahanına girməli, ingilis dilində oxumaq istəyənlər isə B2 səviyyəsini göstərən müvafiq imtahan (TOEFL, IELTS və s.) nəticəsi təqdim etməlidirlər. Tibb, memarlıq, modelyerlik kimi ixtisaslarda universitetlər əlavə qəbul imtahanı keçirir. 

2. İtaliya universitetlərinə müraciət tarixi

İtaliya universitetlərinə müraciət digər Avropa ölkələrindən daha tez başlayır. Bu tarix adətən dekabr-uanvar arasınd abaş verir. Hər universitet müraciət tarixlərini özü müəyyənləşdirir. Eyni zamanda, bakalaviatura və magistratura pillələri üçün müraciət tarixlərinin frqəli ola bildiyini gözdən qaçırmamaq lazımdır. İtaliya universitetlərinə müraciət qərarını verən kimi seçilən ixtisası və universitetin müraciət, qəbul, imtahan tarixlərini yaxından izləmək gərəkdir. 

3. İtaliyada universitet qiymətləri 

İtaliya universitetləri ödəniş miqdarını özləri müəyyənləşdirir. Dövlət tələrəfindən dəstək alsalar da, universitetlər qəbul zamanı müraciət rüsumları və universitetin xidmət haqqını da hesablayır. Universitetlərin müəyyənləşdirdiyi xərc payı dövlətdən aldıqları yardımın 20%-ni keçə bilməz. 
İtaliya universitetləri tələbənin maddi vəziyyətini nəzərə alan proqramları ilə seçilirlər. Tələbə ailənin maddi vəziyyəti haqda sənəd təqdim edərək müəyyən endirimlər qazana bilir. 
Dövlət universitetlərində 900 – 2 300 avro, özəl universitetlərində 5 000 – 30 000 avro dəyişən qiymətlərlə oxumaq mümkündür. İtalyanca oxuduqda təqaüd qazanmaq və universitet xərclərini azaltmaq şansı böyükdür. 

4. İtaliyada tələbə ikən işləmək mümkündürmü? 

İtaliyada tələbələrin həftədə 20 saata qədər işləmək icazəsi var. Məzun olduqdan sonra da 1 illik işləmək və yaşamaq icazəsi verilir. 

5. İtaliyada təqaüdlü universitetdə oxumaq mümkündürmü? 

İtaliyada təhsil almağın ən üstün cəhəti təqaüd imkanlarının çox olmasıdır. Bu təqaüdlər sadəcə universitet ödənişlərini deyil, gündəlik xərcləri də ödəməyə yetir. Ölkə miqyasında dövlət təqaüdləri, akademik təqaüdlər, istedad təqaüdləri, əyalət təqaüdləri, universitet təqaüdləri vardır. Ailənizin maddi vəziyyətinə görə də təqaüd ala bilərsiniz. Əgər bu təqaüdlərdən hər hansı birini alsanız, universitetdə akademik uğurunuz davam etməlidir. 

6. İtaliyada bakalaviatura təhsili neçə ildir?

İtaliyada bakalaviatura təhsili 3 ildir. Bəzi ixtisaslarda müddət fərqli olur. Məsələn, tibb 6 il, əczaçılıq 5 il çəkir. 

7. İtaliyada tələbə xərclər 

İtaliyanın Milan, Torino, Bolonya və Roma kimi böyük şəhərlərində tələbələrin xərcləri daha çoxdur. Daha az xərclə yaşamaq istəyənlər Perugia və Siena kimi şəhərləri seçirlər. İtaliyada bir tələbənin ortalama aylıq xərci 600-700 avro arasında dəyişməkdədir.

8. İtaliyada yataqxana seçimi  

İtaliyada universitetlər tələbələrə yataqxana təklif edirlər. Amma yer tapmaq üçün çox əvvəldən qeydiyyatdan keçmək lazımdır. Təqaüd alan tələbələrlə yanaşı, təqaüd almayanlara xidmət göstərən dövlət yataqxanaları mövcuddur. Şəhərə görə dəyişən qiymətlərlə 250-450 arasında yataqxana xərci vardır.  
Özəl yataqxanalar dövlət yataqxanalarından fərqli olaraq daha yaxşı təchiz edilmiş və əlavə sosial fəaliyyətlər təklif edən müəssisələrdir. Təbii ki, qiymətləri də yüksəkdir. İtaliyada özəl yataqxanaların qiyməti aylıq 350 – 600 arasında dəyişir. Bu qiymətə bütün kommunal xərclər daxildir. Yataqxana  müqavilələri 11 aylıq bağlanılır. Ümumi təmizlik üçün avqust ayında bağlanır.  
Tələbələr xərclərini azaltmaq üçün daha çox bir neçə nəfərlə ev tutmaq variatına baxırlar. Yerləşdiyi rayondan və evin ölçüsündən asılı olaraq qiymətlər dəyişir. Bu cür ev tapmaq üçün getdiyiniz şəhərə aid sosial media səhifələrini izləmək faydalı ola bilər. Tələbə elanları əsasən bu səhifələrdə paylaşılır. Ortaq ev tutmağın qiyməti 250 – 800 avro arasında dəyişir. Təkbaşına ev tutmağın qiyməti isə 350-1500 avro ola bilir. 

9. İtaliyada çox müraciət edilən ixtisaslar

•    Mühəndislik 
•    Memarlıq
•    Psixologiya 
•    Tibb 
•    Hüquq 
•    Qastronomiya 
•    Moda & Dizayn 
•    Stomatologiya 
•    Biznesin idarə edilməsi
•    İqtisadiyyat 
•    Siyasi elmlər 
•    Beynəlxalq münasibətlər
•    Sosial elmlər