ALMANİYADA YAY MƏKTƏBLƏRİ

Almaniya özünün təbiəti, tarixi abidələri, yüksəkkeyfiyyətli təhsili ilə tanınan ölkələrdəndir. Həm turistlərin, həm də karyera quruculuğunda ilk addımlarını atan tələbələrin ən çox seçdiyi ölkə olaraq Almaniya hər il daha çox universitet proqramı, daha geniş profilli dil kursları təşkil etməkdədir. 


Almaniyanın ən böyük və ən kiçik şəhərlərində istər böyüklər, istərsə də məktəblilər üçün yay kursu tapmaq mümkündür. Dil kurslarından fərqli olaraq yay kursları sadəcə yay mövsümündə fəaliyyət göstərir, dil öyrənməklə yanaşı, ölkəşünaslığı da əhatə edir. Eyni zamanda, ixtisaslara görə də yay kursları təşkil edilir. Həkimlər, müəllimlər, biznes sahəsində çalışan mütəxəssislər, dizaynerlər və digər peşə sahibləri almanca təşkil edilən yay kursunda həm alman dilini təkmilləşdirir, həm də təcrübədə öz biliklərini təkmilləşdirirlər.   


Almaniyaya yay məktəbinə gedənlər kampus yataqxanalarında qala və ya bir alman ailəsi ilə yaşamağı seçə bilərlər. 10-18 yaşlılar üçün nəzərdə tutulan yay məktəblərində əsas diqqət alman dilinin təkmilləşməsinə verilir. Ailələrin rahat şəkildə uşaqları göndərə bilməsi üçün onların  təhlükəsizliyinə dair bütün tədbirlər görülür. Onların qidalanmasına, dərs oxumasına, gəzintiyə çıxmasına ciddi nəzarət edilir. 


Yay məktəblərində yerlər adətən məhdud sayda olur. Almandilli mühitdə dilin təkmilləşməsi daha sürətli baş verdiyindən valideynlər aylar öncə bəyəndikləri yay kursunda uşaqlar üçün yer rezerv edirlər. Bu da bütün yay məktəbi proqramını əvvəlcədən öyrənməyə və uşaqlara ətraflı izah etməyə vaxt qazandırır.