İngiltərədə kollec və ya universitet kampusunda təşkil edilən yay məktəbləri çox populyardır. Bu yay məktəblərinin formatı adətən məktəblilərin istəyinə görə formalaşdırılır. Daha çox gəzinti, istirahət istəyənlərlə yanaşı, bir idman növü əsas götürülərək təşkil edilən yay məktəbləri də mövcuddur.
Məktəblilər daha çox gələcəkdə oxumaq istədikləri universitetlərin kampusunda təşkil edilmiş yay kursuna yazılmaq istəyirlər. Onların seçdikləri universitetlə yaxından tanış olması təhsil qərarlarının möhkəmlənməsinə və ya dəyişməsinə səbəb ola bilir.
İngiltərədə təşkil edilən yay məktəbləri birmənalı olaraq yüksək təşkilatçılıq nümunəsi adlana bilər. İstər zəngin əyləncə və gəzinti proqramı, istər idman növləri üzərində qurulmuş düşərgələr, istərsə də ingiliscə öyrənmək istəyənlərin toplaşdığı kurslarda tələbələrin rahat olması üçün bütün şərtlər nəzərə alınır.
Kampuslarda oğlanlar və qızlar ayrı-ayrı yerləşdirilir, otaqlarda, hamam və tualetdə gigiyenik mühit yaradılır. Tələbələrin qida norması və xarakteri onların yemək vərdişlərinə əsasən formalaşdırılır. Kurs iştirakçılarının qaldığı binalar təhlükəsizlik əməkdaşları tərəfindən mühafizə olunur.
İngiltərədəki yay məktəblərində proqramın müddətini seçmək mümkündür. Şəhərə və yay məktəbinin formatına görə kursun müddətinin və ödənişinin fərqli olduğunu nəzərə almağınız tövsiyə olunur.